İsfəndiyar Aslan oğlu Cavanşir, 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir.
Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Behbud bəyin nəslindən olmuşdur.
Atası Aslan ağanın Şuşada evi olmaqla yanaşı Xanbağı yaxlınlığında Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları olmuşdur. Aslan ağa təsərrüfat işlərinə rəhbərliklə yanaşı ov - ovlamağı və hərdən peşəkar səviyyədə olmasa da tarda çalıb,züm - zümə eləməyi xoşlayarmış.
Ermənilərin 1905 -1907 ci illərdə, eləcə də 1918-ci ildə Qarabağda törətdikləri iğtişaşlar zamanı Aslan ağanın Şuşadakı evi və Ballıcadakı mülkü dəfələrlə yandırılmış və təsərrüfatı talan edilmişdir. Bu səbəbdən də sonradan müflisləşmiş Aslan ağa ailəsi ilə birlikdə Ağdama köçmək məcburiyyətində qalmışdır. Aslan ağanın ailəsində İsfəndiyardan sonra Əliyar adlı övlad dünyaya gəlmiş və kiçik yaşlarında tələf olmuşdur.
Sonradan Allahyar adlı oğlu və Rüxsarə adlı qızı olmuşdur. İsfəndiyarın anası Bəyimxanım erkən rəhmətə getdiyindən, uşaqlar xalaları – Zümrüd və Sədətbəyimin qayğısı ilə böyümüşlər. İsfəndiyarın təlim – təbiyəsinə, təhsilinə əmiləri Baxış ağa, Azad ağa, Rəhim ağa və dayıları Əbülhəsən bəy, Yusif bəy də yaxından diqqət göstərmişlər. İsfəndiyar Şuşadakı "Realnı"məktəbində təhsil alaraq - yazmaq, oxumağı və təbiət elmlərini öyrənmiş, fars və rus dillərindən müəyyən anlayışa malik olmuşdur. Ədəbiyyata, o cümlədən poeziyaya meyli olduğundan mütaliyə edər, şeir oxumağı xoşlarmış. Əsasən də Füzuli poeziyasına marağı daha geniş olmuş və Füzulinin şeirlərini təhlil edərək, dərindən dərk etməyə çalışarmış.
İsfəndiyarın atası və əmiləri mütərəqqi fikirli insanlar olduğundan tez – tez evlərində ədəbi – musiqili məclislər təşkil edər və bu tədbirlərə Qarabağın say – seçmə ziyalıları - muğam, poeziya aşiqləri toplaşarmış. Qrammofon səslənər, şeir oxunar ara – sıra tanınmış xanəndələr dəvət olunub, muğam dəstgahı ifa edərmişlər. Bu mühitdə böyüyən İsfəndiyarda kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Çox keçmədən onun bu marağı diqqət çəkmiş və atası ona tar alaraq məşğul olmasını tövsiyə etmişdir. Bir müddət tar çalmağı öyrənən İsfəndiyar, sonradan bu sənəti qardaşı Allahyara öyrətmiş və Allahyar bu sənəti davam etdirməklə, gələcəkdə Azərbaycanın məşhur tarzənlərindən biri kimi püxtələşərək, uzun illər qardaşı ilə çiyin – çiyinə fəaliyyət göstərmişdir.
İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin ( Segah İslamın ) şagirdliyinə vermişdir. İsfəndiyar ustadından xanəndəlik sənətinin incəliklərini, muğam və təsnifləri, eləcə də bir sıra el havalarını öyrənə - öyrənə Segah İslamın dəvət aldığı musiqi məclislərində iştirak edər, müəlliminin izni ilə öyrəndiyi muğamlardan oxuyaraq, tədricən tanınmağa başlamışdır. Artıq o, öz ustadı ilə yanaşı 19-cu ,20-ci əsrlərin görkəmli muğam ifaçıları - Cabbar Qaryağdı, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Hüsü, Zabul Qasım, Məşədi Məmməd Fərzəliyev və digər ustadların ifasını dinləyir, onlardan muğamatın ən mürəkkəb şöbə və guşələrini öyrənib, hafizəsinə həkk etməyə və ifasını zənginləşdirməyə müvəffəq olmuşdur.
1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın o dövr üçün mütərəqqi fikirli ziyalılarının, şair və nasirlərinin və eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulur. Həmin məclisə Segah İslam gənc şagirdi İsfəndiyarla birlikdə gəlir. Məclisdə elm - ədəbiyyat sahəsində yeniliklərdən söz açılıb, xanəndələrin ifasında muğam dəstgahları dinlənildikdən sonra İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görüb, məclis sahibindən evdə hansı xanəndələrin qrammofon vallarının olduğu ilə maraqlanır. O isə Cabbarın "Mahur"u, Seyidin "Çahargah"ı, Malıbəyli Həmidin "Rast"ı və bir də iranlı Xanın – Əbülhəsən Xan İqbal Azər Soltanın "Kürdü Şahnaz"ının olduğunu bildirir. Məclis əhli xanəndələrin dincəldiyi müddətdə Əbülhəsən Xanın valına qulaq asmağa maraq göstərirlər. Ev sahibi valı səsləndirir.
Çox keçmədən evi İranlı Xanın məlahətli, bir qədər də fərqli ifası bürüyür. Şagirdinin vala çox həyəcanla qulaq asdığı və ara – sıra oxunanları sakitcə züm – zümə etdiyi Segah İslamın nəzərindən yayınmır. İfa başa çatdıqdan sonra ustad xanəndə məclisdəkilərə şagirdini təqdim edərək, onun da gözəl səsə və ifaçılq qabiliyyətinə malik olduğunu söyləyib, üzünü gənc sagirdinə tutaraq - İsfəndiyar, sən də belə oxuya bilərsənmi, deyə müraciət edir. İsfəndiyar – vala bir də qulaq assam oxuyaram, deyə ürəkli cavab verir. Məclisdəkiləri maraq bürüyür və val bir də səsləndirildikdən sonra gənc xanəndə üzünü tarzənə tutaraq, "başla"işarəsi verir. Tarın, kamanın xoş sədaları altında "Kürdü Şahnaz"muğamı səslənir. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi "Şahnaz"ı ifa etməyə başlayır.
Səsin gücündən divarboyu rəflərdə düzülmüş çini və şüşə qablar xanəndənin səsinə sanki səs verirmiş kimi çingildəyir, ara - sıra məclis iştirakçılarından razılıq sədaları səslənir. İsfəndiyar ifasını başa vurub, qavalı dizinin üstünə qoyur. Bu zaman məclisi alqış sədaları bürüyür. Heyrətə gəlmiş qonaqlardan - maşalla bu ki, əsl xanəndədir,... Gördün, Əbülhəsən Xanın oxumasından heç seçilmədi,... Yox əşşi, bu Xandan da yaxşı oxudu,... Bu uşağın böyük gələcəyi var,... Əsl Xan elə budur ki... Bu tərifləri ustad sənətkarlarla yanaşı İsfəndiyarın müəllimi Segah İslam da müşahidə edir və artıq müstəqil məclis idarə edəcək qədər püxtələşmiş şagirdinin ilk sərbəst addımlar üçün ciddi uğur qazandığına ürəkdən sevinirdi.
Məclisdəki qonaqlardan kim isə gəncin adını bir də soruşanda Segah İslam məclisdəkilərə üzünü tutub - hörmətli ağalar, xanəndə və sazəndələr bildiyiniz kimi, xanəndə Əbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət nümayəndəsi olmuşdur. İran Şahı onun sənətini yüksək qiymətləndirib, ona Xan titulu, böyük mülk, var – dövlət hədiyyə edərək onu İran xanəndələrinin Xanı – Əbülhəsən Xan İqbal adlandırmışdır. ( Həqiqətən İran hökmdarı Əhməd Şah bu xanəndənin səsinə o qədər vurulur ki, ona böyük mülk, torpaq sahələri bəxş etməklə yanaşı, Xan titulu verərək, Təbriz şəhərinin valisi təyin etmişdir. Əbülhəsən Xan İqbal Azər Soltan elə bir nadir şəxslərdən idi ki, istədiyi vaxt dəvətsiz Şah sarayına daxil ola bilərmiş ).
Bu gün bu gənc oğlan Əbülhəsən Xanın ifasını olduğu kimi təkrarlaya bildiyi üçün qoy bu gündən o da olsun bizim Xan – Azəbaycan xanəndələrinin xanı, Xan Şuşinski. Hamı ustadın bu təklifini razılıq və sevinclə qəbul edir. Sonra Xan məclisdəkilərin xahişi ilə daha bir – neçə təsnif və muğam ifa edir. Həmin gündən sonra hamı Qarabağda yeni, Xan adlı çox istedadlı bir xanəndənin yarandığından danışaraq, onu tezliklə görüb və səsini dinləməyə tələsirdi.O dövrdən etibarən Xan Şuşinski musiqiçilərdən ibarət dəstə yaradaraq müstəqil el şənliklərində iştirak etməyə başlayır.
Azərbaycanda Demokratik Respublika elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa bir müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan hərbçi məmur, onun öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, Xan Şuşinskini hərbi xidmətdən azad edir.
Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdə çıxışlar etdikdən sonra qızıl ordunun Gəncəni zəbt etməsi və 1920-ci ilin mayında sovet hakimiyyətinə qarşı baş vermiş Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdan şəhərində məskunlaşmış, el şənliklərində, toy – düyünlərdə iştirak edərək yaradıcılığını davam etdirmişdir.
Xan Şuşinski müstəqillik dönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə millətçi - erməni quldur dəstələrinin qəfil hücumlarına məruz qalmış, yeri gələndə sərrast atıcılıq qabiliyyəti və ehtiyatlı davranışı hesabına düşmən gülləsindən qurtulmuş, ən qəddar qaçaq - yolkəsənləri belə səsinin, sənətinin sehri ilə ram edərək, özünün və yoldaşlarının həyatını xilas etmişdir.
Xan Şuşinski 1939-cu ildə respublika rəhbəri olmuş M.C. Bağırovun sərəncamı ilə 24 saat müddətində Ağdamdan Bakı şəhərinə köçürülmüşdür.
Bakı şəhərinə köçdükdən sonra Xan Şuşinski doğma el – obası ilə əlaqəni pozmamış, vaxtaşırı Ağdamdakı evinə baş çəkməklə yanaşı, yay istirahətini bir qayda olaraq Qarabağın səfalı yaylaqlarında keçirmişdir. 1960-cı ildən isə Şuşa şəhərinin "Çöl qala"məhəlləsində həyət evi alaraq, sonrakı illərdə mütəmadi olaraq məzuniyyətə daim Şuşaya gəlmişdir.
Gənc yaşlarında evlənsə də bu evlilikdən övladı olmamışdır. Həyat yoldaşının təkidi ilə O, sonradan yenidən evlənmiş və həmin evlilikdən 4 övladı – 1958-ci ildə qızı Bəyimxanım, 1960-cı ildə qızı Zümrüd, 1962-ci ildə oğlu Aslan və 1964-cü ildə qızı Səadət dünyaya gəlmişdir.
Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir.
Xan Şuşinski ilə əlaqədar maraqlı hadisələr:
1920-ci illərin əvvəllərində çox məşhur olan "Yaşa, yaşa, min yaşa, Mustafa Kamal Paşa"mahnısı bir çox xanəndələr kimi Xanın da repertuarında yer aldığından Xan Şuşinski tərəfindən tez – tez oxunarmış. Lakin sonradan mahnı çox sifarişli olduğundan sovet hökumətinin yerlərdəki məmurları tərəfindən həmin mahnının ifasına ciddi qadağa qoyulmuş və digər ifaçılar kimi Xan Şuşinski də bu mahnıya görə dəfələrlə xüsusi xidmət orqanlarının təqibinə məruz qalmışdı.
1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısa müddətli səfərə gəlir. Xan Şuşinskini çağırtdırırlar ki, bəs Nərimanov səni dinləmək istəyir. Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlir. Bir qrup hökumət, dövlət, o cümlədən xüsusi xidmət orqanı nümayəndələri tərəfindən əhatələnmiş N.Nərimanov musiqiçilərlə görüşür, hal - əhval tutur. Sənət adamlarının qayğıları ilə maraqlanır, eyni zamanda yeni hökumətin yerlərdə yürütdüyü siyasət barəsində sorğu – sual etdikdən və qabaqcadan hazırlanmış şablon cavablar aldıqdan sonra üzünü Xana tutub, bir "Ay bəri bax"mahnısı oxumağı sifariş edir. Xan Şuşinski bu mahnının köhnə inqlabçı olan Nəriman Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıdan eşitmişdi. Mahnı başa çatdıqdan sonra Nərimanov yanındakıları süzə - süzə "Yaşa Mustafa Kamal Paşa"mahnısını oxuya bilərsənmi, deyə müraciət edib, üzünü Xana tərəf çevirir. Xan tərəddüdlə xüsusi xidmət orqanı nümayəndəsinin üzünə baxır və onun razılıq işarəsindən sonra tələsik bəli cavabı verir. Bu Nərimanovun diqqətindən yayınmır. Xan böyük həvəslə "Yaşa, yaşa, min yaşa Mustafa Kamal Paşa"mahnısını ifa etdikdən sonra musiqiçilər N.Nərimanovun razılığı ilə zalı tərk edirlər. Azərbaycanda olan haqsızlıqlardan onsuz da xəbərdar olan N.Nərimanov, yanındakı hökumət adamlarına qəzəbli səslə Sovetlər Birliyi ilə Türkiyə Respublikasının dost ölkələr olduğuna baxmayaraq, yerlərdə həmin dostluğa bu cür münasibət göstərilməsindən narazılığını bildirərək, xüsusi xidmət orqanı nümayəndəsini bərk tənqid edir.
1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdı ilə yanaşı, Xan Şuşinski də çıxş edir. Konsertin sonunda Cabbarın ifasında "Heyratı"zərb muğamı elan edilir. Cabbar Qaryağdı xanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edir. O vaxtlar Cabbar Qaryağdıoğlu sənətinə xüsusi maraq göstərən Respublika rəhbəri M.C.Bağırov tamaşaçıların içərisindən bu sənət yarışmasını diqqətlə izləməyə başlayır. Xanəndələr muğamın şöbələrini növbə ilə oxuyaraq öz məharətlərini nümayiş etdirirlər. İfanın sonuna yaxın gözlənilmədən Cabbar Qaryağdı səsini zilə çəkərək "Şikəsteyi fars"şöbəsi oxumağa başlayır. Musiqiçilər yaxşı bilirlər ki, onsuz da zil muğam olan "Heyratı"da "Şikəsteyi fars"hansı nota gedib çıxır. Tarda pərdə qalmadığından, tarzən tarın "qəmişi"nə çıxmalı olur. Cabbar "Şikəsteyi fars"ı oxuyub, zil notda estafeti Xana ötürür. Xan Şuşinski özünü itirmədən həmin yerdən "Şikəsteyi fars"şöbəsini oxuyub, bir qədər də zil notlarda "Qazağı"şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdı tarzən Qurban Primovun təəccüblü və sual dolu nəzərlərlə ona doğru baxdığını görüb, deyir: - Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eləyim, görüm nə qayırır?... Sonra əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadan deyir: - Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!
1934-cü ilin payızında Bakıda M.Y.Lermontovun 120 illik yubileyi qeyd olunur. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunur. Tədbirdə Azərbaycan Respublikasının dövlət və hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak edirlər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunur. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar görsün ki, bizim muğam ifaçılarımız da Lermontov seirinin vurğunudurlar. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə, Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini bir – təhər ifa edib, başa çatdırır. Tədbirdən sonra M.C.Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirərkən - Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın ? ... deyə zarafatla müraciət edir.
1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas – professor heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün "Mahur hindi"muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: - Xan bunlar elə bilirlər ki, sən boğazında nə isə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinskinin, qadın həmkarları - Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri Orkestrinin müşayəti ilə "Şikəstə"ifa etmələri nəzərdə tutulsa da konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırılır. Səid Rüstəmov Xan Şuşinskini məsləhətə çağırır və qadın müğənnilərdən birinin ixtisar edilməsini təklif edir. Xan Şuşinski zərif cinsin nümayəndələri olan tərəf müqabilləri arasında seçimdən imtina edərək, "Şikəstə"nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təmin etməyi təklif edir. Səid Rüstəmov təkliflə razılaşır və orkesrdən bütün notlar yığışdırılaraq tez bir zamanda partituralar yenidən işlənilir. Sonradan göründüyü kimi, Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində ifa çox möhtəşəm alınır. O zaman Böyük Teatrın səhnə arxasında dayanıb, Azərbaycan musiqiçilərinin çıxışını həyəcanla izləyən Vaqif Səmədoğlu həmin anları belə xatırlayır: - Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız "Şikəstə" ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq "Mi"səsini götürəndə, mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ Xalq Artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və "Boje moy nu i qolos"deyə qışqıraraq səhnə arxasında var – gəl etməyə başladı. Sovetlər İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi, Vaqif Səmədoğlu ilə bərabər səhnə arxasından çıxışları həyəcanla izləyən bütün nümayəndə heyətində böyük qürur hissi oyatmışdı. Zalda isə sürəkli alqışlar davam edirdi. Nəticədə Moskva ongünlüyünün yekun konserti tarixə düşəcək möhtəşəm bir çıxışla başa çatırdı...
Aslan Cavanşirov